28 May - Respublika gününüz mübarək!
FərhadMay 27, 2008 13:25
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət yarandı. Bizim üçün qürurverici bir məqamdır ki, bu dövlət məhz Azərbaycanda, bizim ölkəmizdə qurulub. 1917-18-ci illərdə I dünya müharibəsinin qızğın döyüşləri gedərkən, Çar Rusiyası bir tərəfdən müharibədə qələbəni düşünür, digər tərəfdən öz müstəmləkəçilik siyasətini davam etdirərək zəbt etdiyi torpaqları əlində saxlamağa çalışırdı. Belə bir şəraitdə Çar Rusiyasının əsarətində olan xalqlar da öz müstəqilliklərini qazanmaq haqqında düşünür və onun yollarını axtarırdılar.
1917-ci ilin oktyabr inqilabından sonra Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən amma Petroqrada və Moskvaya gedə bilməyən deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. 1918-ci il aprelin 9-da isə burada təmsil olunan azərbaycanlı deputatların təkidi ilə Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar. May ayının 27-də isə Seymin Müsəlman Fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
1920-ci ilin aprelin 28-də rus ordusunun Azərbaycanı işğal etməsi ilə 23 aylıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza müstəqilliyin nə olduğunu hiss etdirdi. Sovet əsarətində qalan Azərbaycan 70 ildən sonra bu müstəqillik uğrunda yenidən mübarizəyə qalxdı və o müstəqilliyi əldə etdi.
Ulu öndər Heydər Əliyev varislik prinsipinə böyük qiymət verərək demişdir ki, “əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub” .
Bu gün müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, onun bütün dövlətçilik atributlarını qəbul edir, günbəgün artan nailiyyətlərlə - iqtisadi, siyasi sahədə əldə olunan uğurlarla dünya dövlətləri arasında öz layiqli yerini tutmaqdadır.
Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyini qeyd edirik. Bu münasibətlə hər bir azərbaycanlını təbrik edir, müstəqilliyimizin bir daha əlimizdən alınmaması, daima qorunub saxlanması üçün hər bir vətəndaşın əlindən gələni etməsini arzulayırıq.
BAYRAMINIZ MÜBARƏK!!!
Şərhlər(3)
788 oxunma
Azəri blog xəbər
azərbaycan xalq cümhuriyyəti adr90 respublika

BAYRAMINIZ MUBAREK AZERBAYCAN!
May 27, 2008 20:39