Azeriblog admininin Qaynar xəbər saytına müsahibəsi
Fərhadİyul 26, 2008 11:08
Azərbaycan internetinin təmsilçisi- AzeriBlog!
"Bizim blog sistemimiz digər dillərdə olan blog sistemlərindən daha yaxşıdır"
1 yaşı tamam olan AzeriBlog-un rəhbəri Fərhad Əsgərzadənin "Qaynar.info"-ya eksklüziv müsahibəsi
Bir il əvvəl Azərbaycanın internet məkanında ilk dəfə AzeriBlog (azeriblog.com) adlı milli blog sistemi fəaliyyətə başlayanda bəlkə də çoxları onun qısa zamanda bu qədər populyar olacağını gözləmirdi. Amma sistem sürətlə inkişaf etdi, minlərlə blogu ətrafında birləşdirdi.
Blog- sadə dildə desək, internet gündəliyi, fərdi saytdır. Hər kəs AzeriBlog-da özünə pulsuz blog yaratmaq, ora istədiyi materialları yerləşdirmək və peşəkar saytlar kimi yaymaq imkanına malikdir. AzeriBlog Azərbaycan istifadəçilərinə bu imkanı verməklə, milli internet məkanının inkişafına sürətli təkan verdi, internet və blog mədəniyyətinin yayılmasına yardımçı oldu.
1 yaşını qeyd edən AzeriBlog-un gələcək planlarını öyrənmək üçün sistemin yaradıcısı və rəhbəri Fərhad Əsgərzadədən aldığımız müsahibəni sizə təqdim edirik.
- Keçən bir il ərzində 4 min nəfər internet istifadəçisi AzəriBlog-da özlərinə Azərbaycan dilində 5 min blog yaratdı. Bu bloglarda müxtəlif mövzularda 46 min yazı Azərbaycan dilində internetdə nəşr olundu. İndi axtarış sistemlərində hər axtarış üçün AzəriBlog bloglarına aid olan ilkin nəticə saysız qədərdir. Dünyanın hər yerindən soydaşlarımız AzəriBlogdan istədiyi mövzularda yazılar, xəbərlər, şeirlər və məqalələr tapırlar. AzəriBlog Azərbaycan dilində internetdə materiallarım çoxalmasına səbəb oldu. Demək olar ki, AzəriBlog Azərbaycan dilində internetdə ən çox material nəşr edən saytdır. Hazırda Azərbaycanı daha çox tanıtdıran, Azərbaycan dilini internetdə daha çox inkişaf etdirən resursa çevrilib. Belə demək mümkünsə, AzəriBlog Azərbaycan internetinin təmsilçisinə çevrilib.
- Sistemdə nə kimi yeniliklər nəzərdə tutursunuz?
- Digər məşhur sistemlərə baxanda bizim sistemin onlardan əksikliyi yoxdur və hətta o məşhur sistemlərin çoxundan üstünlükləri ilə seçilir. Blogçulara təqdim etdiyimiz imkanlar çoxdur. Amma biz buna inanırıq ki, gərək günbəgün saytda yeniliklər olsun və yeni texnologiyalara uyğun sistemdə müxtəlif imkanlar əlavə olunsun. Buna görə qeyd etməliyəm ki, ən qısa zamanda, 2-3 ay ərzində sistemdə çoxlu dəyişiklər olacaq. Bloglarda imkanlar çoxalacaq, o cümlədən bloglara təqvim, ən çox oxunan yazılar siyahısı və ən yeni şərhlər siyahısı əlavə olacaq. Bir neçə digər imkanlar da nəzərdə tutmuşuq, onları da gələcəkdə özünüz görəcəksiniz. Bundan əlavə yeni 40 stil də sistemə əlavə olunacaq ki, fərqli zövqlərə sahib olan istifadəçilərimiz öz istəklərinə uyğun stillərdən yararlana bilsinlər. Yeni stillər hamısı profesionaldır. Çalışmışıq ki, onlarda SEO faktoru aktiv şəkildə çalışsın və stillər SEO ilə uyğun olsunlar. Bu kömək edəcək ki, blog materialları ən qısa zamanda Google və digər axtarış sistemlərində ilkin nəticə kimi qeyd olunsun. Saytın özünün də dizaynı dəyişərək, betadan çıxacaq. İstifadəçilər səhifəsində (profillərdə) dəyişikliklər olacaq, sistem sosial şəbəkə kimi fəaliyyət göstərəcək. Bu barədə bundan artıq izah verməyı lazim bilmirəm. Çünki istəyirəm yenilikləri əziz istifadəçilərimizə sürpriz edim.
- "AzəriBlog"un başqa dillərdə versiyası üzərində düşünürsünüzmü?
- AzəriBlog saytının yox. Amma bu imkanlarla başqa dillərdə blog sistemi yaratmağı düşünürəm. Məsələn, türk və rus dillərində. Bunun da səbəbi budur ki, bizim blog sistemimiz digər dillərdə olan blog sistemlərindən daha yaxşıdır. Əminəm ki, inşallah, o dillərdə yaranan blog sistemlərimiz də uğurlu olacaq.
- Azərbaycan istifadəçisində bloq mədəniyyəti yetərincədirmi? Sizcə blog mədəniyyətinin yayılması üçün daha nə kimi əlavə tədbirlərə ehtiyac var?
- Düzünu desəm, bəzən bu barədə fikirləşəndə işimdən bezirəm. Ona görə ki, blog anlayışı ictimaiyyət arasında yetərincə tanınmayıb, əksəriyyətin bu barədə məlumatı azdır. Amma yavaş-yavaş düzəlir. İndi bizim xalqımız blogun mənfəətləri, xeyri barədə o qədər çox məlumata sahib olmasa da, günbəgün bu sahədə bilgiləri artacaq və blog yaratmaq üçün səy edəcəklər. Televiziya və qazetlərdə bu barədə millətə çox az məlumat verilir. Gərək reklam çoxalsın. Məncə bu, blogçuların və blogla tanış olanların vəzifələsidir. Çünkü onlar artıq blogu tanıyıblar və gərək çalışsınlar onu öz tanışları, qohumları və dostlarına təqdim etsinlər.
- Qısa zamanda Azərbaycan internet resursları içində lider mövqeyinə yüksəlmək, ən çox izləyici toplayan sayta çevrilmək çətin olmadı ki?
- Təbii ki, çox çətindir. Məhdud maddi imkanlarımızdan istifadə edib reklam etdik, dostlarımız bu işdə çox kömək etdilər. Bizim istifadəçilərimiz də az iş görmədilər. Bloglarını, orda olan material və yazılarını reklam etməyə, özlərinə auditoriya qazanmağa çalışdılar. Yeni blogçulara əllərindən gələn köməkləri etdilər. Əslində istifadəçilərin köməkləri və dəstəyi olmasaydı, heç bir işə qadir olmazdıq. Biz onlara yüksək səviyyədə imkanlar yaratmağa çalışırıq və onlardan da istəyimiz budur ki, Azərbaycanda saytın və əslində blogun inkışafı üçün kömək etsinlər. Biz hələ yolun əvvəlindəyik. Çoxlu fikirlərimiz və layihələrimiz var ki, istifadəçilərimizlə birlikdə reallaşdıracağıq.
- Artıq "AzeriBlog"u Azərbaycanın "Google"si adlandıranlar da var. Bu fikirə münasibətiniz...
- Saytlar müxtəlif faktlara dayanaraq dəyərləndirilir. Google bu qədər pul və maddi resurslar, imkanlarla AzəriBlogdan təbii ki, qat-qat üstündür. Amma məqsədimiz aydındır. Biz də Google kimi müvəffəqiyyət qazanmış saytlar və şirkətlərə baxıb işlərimizi sürətləndiririk. Və çalışırıq ki, dünyada da olmasa bu sahədə vətənimiz Azərbaycanda və gözəl ana dilimizdə əlmizdən gələni edək.
qaynar.info // T.İsmayılov
Şərhlər(10)
1023 oxunma
Azəri blog xəbər
müsahibə fərhad əsgərzadə admin

Marağlı müsahibədi.Bu hələ başlanqıcdı.
İyul 26, 2008 16:31